Azərbaycanda möhkəm ailə institutunun olduğu deyilsə də, bəzən valideynlə övlad arasında dərin uçurum yaranır. Nəticədə uşaqlar üzləşdikləri problemlər barəsində valideynlərinə və yaxınlarına danışmaqdan çəkinirlər, hisslərini gizli saxlamağa çalışırlar. Sözsüz ki, bu situasiya azyaşlı və yeniyetmələrin psixoloji durumuna mənfi təsir göstərir, hətta özünəqapanma durumu sonda uşaqların intiharı ilə nəticələnir.Bu gün Azərbaycan ailələrinin əsas problemlərindən biri də uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalmasıdır ki, buna da əyani misal kimi bir müddət əvvəl 5 yaşlı qızın ata və ögey anası tərəfindən öldürülməsini göstərmək olar. Əslində, ailələrdə uşaq zorakılığı ilə bağlı kifayət qədər faktlar var. Lakin azyaşlılar onlara qarşı baş vermiş haqsızlığı, qanun pozuntusunu digər insanlarla bölüşməkdən qorxduqları üçün bəzi hadisələr pərdə arxasında qalır. Yeri gəlmişkən deyək ki, məhz belə hallarda uşaqlara psixoloji dəstək, məsləhət vermək məqsədilə Azərbay canda "Uşaq Qaynar Xətt" xidməti fəaliyyət göstərir. Ötən həftə "Azərcell Telekom" şirkətinin təşkilatçılığı ilə "Uşaq Qaynar Xətt" xidmətinə jurnalist turu təşkil olundu. Media nümayəndələrini qarşılayan xidmətin həmtəsisçisi, "Ümidli Gələcək" Gənclər Təşkilatının rəhbəri Nazir Quliyev ötən ilin fevralından fəaliyyətə başladıqlarını bildirdi: "Bu xidməti Təhsil Nazirliyi, Azərbaycan QHT Alyansı və onun katibliyi funksiyasını həyata keçirən "Ümidli Gələcək" Gənclər Təşkilatı tərəfindən "Azərcell Telekom" şirkətinin dəstəyi ilə "Uşaqların Xilası", "Dünyaya Baxış" beynəlxalq təşkilatları ilə birlikdə təsis olunub. Sözsüz ki, əgər bu qurumların dəstəyi olmasaydı, xidmətin fəaliyyəti sual altında qalacaqdı. Onu da deyim ki, "Uşaq Qaynar Xətt" xidməti öz fəaliyyətini Təhsil Nazirliyinin nəzdində olan De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsilə sıx əməkdaşlıqda həyata keçirir. Bu layihənin gerçəkləşməsində daha böyük dəstəyi Təhsil Nazirliyi və "Azərcell"dən almışıq. Məsələn, Təhsil Nazirliyi bizə texniki cəhətdən yardımçı olub və otaqla təmin edib. "Azərcell" şirkəti isə həmişə yanımızda olub və bütün problemlərimizlə maraqlanıb". "Anonimliyi qoruyuruq" Daha sonra media nümayəndələrini müşayiət edən xidmətin rəhbəri Cəmilə Tağıyeva jurnalistləri iş rejimi ilə tanış edir və söhbət əsnasında sözügedən qurumun zəruri texniki vasitələrlə təmin olunduğunu vurğulayır: "Uşaqlar bizim xidmətə istənilən problemlərlə bağlı müraciət edə bilərlər. Bu qurum uşaqlara yardım məqsədilə yarandığından zənglər pulsuzdur. "Qaynar Xətt" xidmətinin nömrələri isə 012 480-22-80, 051 880-11-80, 050 680-22-80-dir. Eyni zamanda, bizə şəhərdaxili nömrələrdən edilən zənglər də pulsuzdur. Uşaqlar hansısa problemlə qarşılaşdıqda şəhərdaxili nömrəyə saat 9:00-dan 18:00-a kimi zəng vura bilərlər. Mobil nömrələr isə günün istənilən saatında açıqdır. O ki qaldı xidmətin işçi heyətinə, direktor, psixoloqlar, hüquqşünas və sosial işçilərdən ibarətdir. Bizim qurumda gender bərabərliyinə xüsusi diqqət yetirilib. Bu baxımdan xidmətdə həm qadın, həm də kişi əməkdaşlar fəaliyyət göstərir". Yeri gəlmişkən, qurumda olarkən diqqətimizi çəkən əsas məsələ "Uşaq Qaynar Xətt" xidmətinin yerləşdiyi məkanın, eləcə də işçilərin adlarının anonimliyi oldu. Düzdür, jurnalistlərin qurumun iş rejimi ilə tanışlığına heç bir məhdudiyyət qoyulmamışdı. Amma qurumun yerləşdiyi məkana istiqamətləndirici heç bir lövhənin vurulmaması, habelə əməkdaşların adlarının şərti göstərilməsi diqqətçəkən məqam idi . Qurumun rəhbəri C.Tağıyeva isə bunu anonimliyin qorunması ilə izah etdi. Onun sözlərinə görə, həm məkanın, həm işçilərin, həm də zəng edən vətəndaşların anonimliyi tam şəkildə qorunur. "Hər zəngə 40-45 dəqiqə vaxt ayırırıq" C.Tağıyeva söhbət əsnasında onu da vurğuladı ki, xidmət yarandığı gündən indiyədək 1500-dən çox zəng qəbul ediblər: "Bu zənglər həm paytaxtı, həm bölgələri, həm də xarici ölkələri əhatə edir. Amma bizim xidmətə daxil olan zənglər başqa "Qaynar Xətt" xidmətlərinə edilən zənglərlə müqayisə oluna bilməz. Çünki bizim əməkdaşlar hər zəngə 40-45 dəqiqə vaxt ayırırlar. Bu minvalla gündə ancaq 7-8 zəng qəbul edə bilirik. Bir məsələni də vurğulayım ki, uşaqlar bizim xidmətə şəxsiyyətlərarası münasibətlər, psixoloji dəstəyə ehtiyac, ailədaxili, həmyaşıdlarla, məktəblə bağlı, ünsiyyət çatışmazlığı, tənhalıq, sevgi ilə bağlı, qorxu hissləri, yaxın adamın itkisi, psixoloji, fiziki və cinsi zorakılıq, uşaqların təlim-tərbiyəsi, imtahanqabağı həyəcan, evdən qaçma, gələcək planlarla bağlı narahatçılıq, ayrı-seçkiliklə əlaqədar, erkən nikahlar, narkotiklər, İİV/QİÇS-ə yoluxma təhlükəsi, habelə hüquqi pozuntularla bağlı zəng vura bilərlər. Yəni, xidmətdə çalışan mütəxəssislər mövcud problemlərin aradan qaldırılması üçün uşaqlara yardımçı olacaqlar. Digər tərəfdən, quruma SMS yazmaq da mümkündür və uşaqlar istənilən vaxt mobil telefonlarımıza mesaj yaza bilərlər. Eyni zamanda, bizim fəaliyyətimiz barədə ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən məlumat əldə etmək mümkündür". "Zorakılıqla bağlı müraciətlər artır" C.Tağıyeva onu da vurğuladı ki, aparılan təhlillər nəticəsində daxil olan müraciətlərin 306-sının təhsil sahəsini əhatə etdiyi məlum olub: "Ailədaxili zorakılıqla bağlı 66 müraciət qəbul etmişik. Bir məsələni deyim ki, zorakılıqla bağlı müraciətlər artır. Psixoloji müraciətlərlə əlaqədar 316, sosial sahəyə aid müraciətlər 111, hüquqi sahə ilə bağlı zənglər 56, səhiyyə sahəsinə istiqamətlənən zənglər isə 32 olub. Təbii ki, bütün bu zənglərlə bağlı zərurət yaransa, müvafiq qurumlara müraciətlər edilir". N.Quliyev isə bildirdi ki, xidmətə daxil olan müraciətlər çərçivəsində münaqişədə olan uşaqlar Gənclərin Sosial Reabilitasiya Mərkəzinə istiqamətləndirilir: "Bu mərkəz hazırda Bakının bir neçə rayonunda fəaliyyət göstərir. Belə ki, mərkəz fəaliyyət göstərdiyi dövrdən bu günə qədər 113 nəfər uşağa xidmət göstərib və onların reabilitasiyasına nail olunub. Reabilitasiya müddətində uşaqların psixoloji problemləri, onların fərdi xüsusiyyətləri öyrənilir, reabilitasiyanın əsas istiqamətləri müəyyən edilir və tərbiyə prosesi valideynlə əməkdaşlıqda həyata keçirilir. Eyni zamanda, uşaqla bağlı fərdi inkişaf planı hazırlanır, uşaqla sosial iş aparılır, uşağın ehtiyacları müəyyən edilir, onun maddi, təhsil, sağlamlıqla bağlı problemlərinin həll olunması, işlə təmin olunması yönündə iş aparılır. Reabilitasiya fəaliyyətinə eyni zamanda, valideynin maarifləndirilməsi və uşağın həyatı ilə bağlı birgə qərar qəbuluna cəlb olunması da aiddir. UGSRM fəaliyyət göstərdiyi ərazidə yaşayan, valideynləri və ya qəyyumları olan, qanunla münaqişədə olan uşaqlarla işləyir. Uşaqlar Reabilitasiya Mərkəzinə ərazidə fəaliyyət göstərən polis idarələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili Bölmələri, Bakı şəhərinin rayon icra hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyalar, rayon məhkəmələri tərəfindən, uşağın və valideynin könüllü razılığı ilə cəlb edilir". Xidmətin fəaliyyəti genişlənir C.Tağıyevanın sözlərinə görə isə hazırda bu qurumun fəaliyyətinin genişləndirilməsi istiqamətində müvafiq işlər aparılır: "Ola bilər ki, gələn ildən etibarən "Uşaq Qaynar Xətt" xidməti dövlət hesabına maliyyələşdirilsin. İndi bu yöndə aidiyyəti qurumlara müzakirələr aparılır və güman edirik ki, 2012-ci ildə bu xidmət dövlət hesabına maliyyələşəcək. Bundan başqa, qurumun fəaliyyəti barədə ictimaiyyət arasında mütəmadi maarifləndirmə işləri aparılır. Həm küçədə, həm metrostansiyalarda vətəndaşlara broşurlar, bukletlər paylanılır. Lakin təəssüflə deməliyəm ki, televiziyalarda xidmətin fəaliyyətini əks etdirən reklam çarxlarının yayımlanmasına nail ola bilməmişik. Amma bu yöndə cəhdlərimiz indi də davam etdirilir". Xidmətin rəhbəri öz açıqlamasında beynəlxalq partnyorlarının olduğunu da vurğuladı: "Hazırda bizim qurum baş qərargahı Hollandiyanın Amsterdam şəhərində yerləşən və 200-ə yaxın etimad telefonunu özündə birləşdirən Beynəlxalq Uşaq Qaynar Xətt Xidmətinin tam hüquqlu üzvüdür. Bütün dünyada fəaliyyət göstərən uşaq qaynar xətləri isə il ərzində 12 milyon zəng qəbul edir".
|
|||
|
Köməyinizə yetə bilər |
ZƏNGLƏR PULSUZ VƏ MƏXFİDİR...
Bizim sizin köməyinizə həqiqətən də ehtiyyacımız var. Onun zəhmətolmasa aşağıdakılarda birini seçin:
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |

Azərbaycanda möhkəm ailə institutunun olduğu deyilsə də, bəzən valideynlə övlad arasında dərin uçurum yaranır. Nəticədə uşaqlar üzləşdikləri problemlər barəsində valideynlərinə və yaxınlarına danışmaqdan çəkinirlər, hisslərini gizli saxlamağa çalışırlar. Sözsüz ki, bu situasiya azyaşlı və yeniyetmələrin psixoloji durumuna mənfi təsir göstərir, hətta özünəqapanma durumu sonda uşaqların intiharı ilə nəticələnir.