"Uşaq Qaynar Xətt" xidmətində çalışan 3 əməkdaş-psixoloq, sosial işçi və komanda rəhbəri uşağa ilkin psixoloji yardım göstərir. Onlar müraciətlər əsasında uşaqları və valideynləri birbaşa psixoloji, hüquqi, təhsil, səhiyyə, sosial müdafiə xidmətləri haqqında məlumatlandırır və yönəldir. Uşaq köməksiz qaldığı hallarda onun vaxtında aşkarlanması, zərərli hallardan qorunması və müdafiə olunması üçün "Uşaq Qaynar Xətt" xidməti mini-avtobus ilə təmin edilmişdir. Zərurət yarandıqda psixoloq və sosial işçilərdən ibarət mobil qrup uşağın yanına gedərək ona yerindəcə kömək etmək imkanına malikdir. Bu xidmətin fəaliyyətini genişləndirmək məqsədilə 2011-ci ilin yanvar ayından başlayaraq Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin ümumtəhsil məktəblərində məlumatlandırma kampaniyası keçirilir. Tədris ilinin sonunadək davam etdirilməsi nəzərdə tutulan kampaniyanın keçirilməsində əsas məqsəd uşaqlara, valideynlərə, müəllimlərə, fəaliyyəti uşaqların tərbiyəsi və təhsili ilə bağlı olan mütəxəssislərə "Uşaq Qaynar Xətt" xidmətinin məqsədi, vəzifələri və işi barəsində məlumat vermək, eyni zamanda bu xidmətə müraciət edən uşaqların əhatə dairəsini genişləndirməkdir. Qeyd etmək lazımdır ki, tədbirin hələ davam etməsinə baxmayaraq, artıq uğurlu nəticələr əldə olunub və xidmətə edilən zənglərin sayı xeyli artıb. Bu "Uşaq Qaynar Xətt" xidmətinin fəaliyyətinin əsas məqsədi olan psixoloji problemlərlə bağlı müraciətlərin də sayının artmasına səbəb olub. "Uşaq Qaynar Xətt" xidmətinin direktoru Cəmilə Tağıyevanın verdiyi məlumata görə, fəaliyyət göstərdiyi müddət ərzində bu xidmətə 1173 müraciət daxil olub. Sevindirici haldır ki, daxil olan zənglərin əhatə dairəsi təkcə Bakı şəhəri ilə məhdudlaşmır. Bu xidmətə ölkənin bütün bölgələrinin şəhər və rayonlarından başqa, Türkmənistan, Qazaxıstan və Rusiya Federasiyasından da müraciətlər olmuşdur. Uşaqlar müxtəlif yaş qruplarını əhatə etsələr də, böyük üstünlüyü 13-17 yaş həddində olan yeniyetmələr təşkil edir. Bu isə yeniyetməlik dövründə uşaqlarda müəyyən psixoloji problemlərin əmələ gəlməsi ilə əlaqədardır. "Uşaq Qaynar Xətt" xidmətinə daxil olan zənglər müxtəlif sahələri əhatə edən problemlərin həlli ilə bağlı olur. Bunlar əsasən təhsil, səhiyyə, sosial, hüquq sahələri, psixoloji problemlərlə edilən müraciətlər və digər zənglərdir. Müraciətlərdə ailədaxili və şəxsiyyətlərarası münasibətlər, ünsiyyət qurmaqda yaranan çətinliklər, tənhalıq, stress, depressiya halları və bu kimi digər problemlər üstünlük təşkil edir. Təhsil sahəsinə aid zənglərdə əsasən mərkəzləşdirilmiş buraxılış imtahanları və ali məktəblərə qəbul imtahanları haqqında məlumat əldə etmək və həyəcandan yaranan problemlərdən bəhs olunur.
|
|||
|
Köməyinizə yetə bilər |
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
Dərhal 480 22 80 & 050 680 22 80 -ə zəng et..! Yubanma..!
İstifadə qaydaları | Məxfilik siyasəti | Disclaimer/Məsuliyyət | Biznesin Korporativ Sosial Məsuliyyəti
Uşaq Qaynar Xətti 2009-cu ildə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Uşaq Hüquqları üzrə QHT alyansının proqramı çərçivəsində Azercell Telecom Şirkəti, UNİCEF-in Azərbaycandakı ofisi, Uşaqların Xilası təşkilatı, Təhsil Nazirliyi və Dünyaya Baxış təşkilatının dəstəyi ilə yaradılmış bir xidmətdir.
