Uşaqlar adətən üzləşdikləri problemlər barəsində valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, düşdükləri çətinliklərdən çıxış yolu aramaqda çətinlik çəkir və ən əsası-onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq barəsində digər insanlara danışmaqdan qorxurlar. Bu və ya digər ağır psixoloji sarsıntı vəziyyətinə düşmüş uşaqların durumu isə getdikcə daha da ağırlaşır. Risk qrupuna daxil edilən uşaq və yeniyetmələr maksimalist olduqları üçün üzləşdikləri ilk uğursuzluğu, başlarına gələn hər hansı xoşagəlməz hadisəni böyük bir faciə kimi qəbul edir, depressiyaya düşürlər. Bundan qurtula bilməyəndə isə xoşagəlməz hadisələr baş verir. Hətta əksər hallarda bu tip adamlar vəziyyətdən çıxış yolu kimi intihara belə əl atırlar. Məhz belə halların baş verməməsi üçün hamı kimi uşaqlara da psixoloji dəstək, məsləhət vermək olduqca vacibdir. Bu kimi amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və onun katibliyi funksiyasını həyata keçirən “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dəstəyi ilə, “Uşaqların Xilası”, “Dünyaya Baxış” beynəlxalq təşkilatları ilə birlikdə 1 fevral 2010-cu il tarixində ölkəmizdə “Uşaq Qaynar Xətt” Xidməti təsis edilib. Bu xidmət öz fəaliyyətini təhsil nazirliyinin nəzdində olan De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirir. Eyni zamanda “Uşaq Qaynar Xətt” Xidməti hazırda baş qərargahı Hollandiyanın Amsterdam şəhərində yerləşən və 200-ə yaxın etimad telefonunu özündə birləşdirən Beynəlxalq Uşaq Qaynar Xətlər təşkilatının da tam hüquqlu üzvüdür. İki ilə yaxındır ki fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” Xidmətinin işçi heyəti direktor, psixoloqlar, hüquqşünas və sosial işçilərdən ibarətdir. Hər bir uşaq istənilən problemini həll etmək ümidi ilə bu xidmət növünə məxsus (012) 480-22-80, (051) 880-11-80, (050) 680-22-80 telefon nömrələrinə zəng edə bilər. “Uşaq Qaynar Xətt”i uşaqlar üçün yardım xidməti kimi yarandığından zənglər pulsuzdur. Şəhərdaxili nömrəyə saat 9:00-dan axşam 18:00-a kimi, mobil nömrələrə isə günün istənilən vaxtı zəng vurmaq olar. Bununla yanaşı, uşaqlar istənilən zaman “Uşaq Qaynar Xətt” xidmətinin yardim@usaqxetti.az elektron ünvanına məktub, mobil telefona SMS də göndərə bilərlər. Buradakı məsləhətçilər onların suallarını mütləq cavablandırır, onlara dəstək olmağa çalışırlar. “Uşaq Qaynar Xətt” Xidmətinin rəhbəri Cəmilə Tağıyeva bizimlə söhbət zamanı bildirdi ki, xidmətə zəng edən zaman uşaqlar onları dost kimi dinləyən, problemlərini aydınlaşdırmaqda yardımçı olan və uşaqlara hörmətlə yanaşan məsləhətçi ilə danışmaq imkanı qazanırlar. Onun sözlərinə görə, əgər hər hansı bir uşaq özündə ruh düşkünlüyü hesab edirsə, qorxursa, öz problemlərini aydınlaşdırmaqda çətinlik çəkirsə, təzyiqə və zorakılığa məruz qalırsa, çıxılmaz vəziyyətə düşürsə, psixoloji sarsıntı keçirirsə “Uşaq Qaynar Xətt” xidmətinə zəng etməsi daha məqsədəuyğundur: “Buradakı məsləhətçilər mümkün olan kömək və yardımı onlara göstərirlər. Düzdür adətən öz problemlərimiz və hisslərimiz barədə danışmaq bir qədər çətin olur, lakin uşaqlar əmin olmalıdırlar ki, onlar düzgün hərəkət edirlər. Uşaqlar bilməlidirlər ki, burada problemlərini anlayacaq bir şəxslə danışdıqdan sonra onlar özlərini yaxşı hiss edə biləcəklər. “Uşaq Qaynar Xətt” Xidmətinə zəng edən uşaqlar Azərbaycan və rus dilində danışaraq öz problemlərini bölüşə bilərlər. Bura müraciət olunan zaman keçirilən hisslərdən, üzləşilən problemlərdən asılı olaraq, uşaqlar onları narahat edən istənilən mövzu haqqında danışa bilərlər. İlk olaraq zəng edənin problemi dinlənilir, ətraflı təhlil olunur və onun həlli yolları müəyyən olunur. Problemin həlli yolunu isə zəng edənin özü seçir. İstənilən halda söhbətin idarə olunması onun ixtiyarındadır. Əgər uşaqlar telefonda öz problemlərini danışmaqdan qorxur və ya çəkinirsə, bu zaman zəng edənin icazəsi və istəyi ilə ona yaxın şəxs, yəni rəfiqəsi, dostu, valideyni, qəyyumu və sair bunu edə bilər. Bu xidmətinin ən vacib prinsipi məxfilikdir. Uşaqlar bura zəng edərkən özü barəsində heç bir şəxsi məlumat verməyə də bilər. Hətta onlarla söhbətin audio yazısı belə aparılmır. Yalnız onun telefon nömrələri qeyd olunur. Əgər uşağın və valideynin icazəsi olduqda, eləcə də problemin həlli bunu tələb etdikdə müraciət digər müvafiq təşkilatlara çatdırılır”. C.Tağıyeva bildirdi ki, “Uşaq Qaynar Xətt” xidmətinə edilən müraciətlərin əsasını şəxsiyyətlərarası, ailədaxili, həmyaşıdlarla münasibətlər, psixoloji dəstəyə ehtiyac, məktəblə bağlı, ünsiyyət çatışmazlığı, tənhalıq, sevgi, qorxu hissləri və digər mövzular təşkil edir: “Buraya eyni zamanda özünüaktuallaşdırma, yaxın adamın itkisi, fiziki və cinsi zorakılıq, uşaqların təlim-tərbiyəsi, imtahanqabağı həyəcan, stress, xoşagəlməz hadisə ilə rastlaşma, evdən qaçma, gələcək planlarla bağlı narahatçılıq, erkən nikahlar, narkotiklər, erkən hamiləlik, İİV/QİÇS-ə yoluxma təhlükəsi, ayrıseçkiliklə bağlı və digər mövzularla bağlı müraciət edənlər də olur. Ümumiyyətlə xidmət yaranandan bu günə kimi 1500-dən artıq müraciət qəbul olunub. Hər uşaqla təxminən 30-45 dəqiqə arası söhbət aparılıb. Müraciət edənlər arasında 13-17 yaşlı uşaqlar çoxluq təşkil edib. Əsasən həmin uşaqlar ailədən gələn problemlər ilə bağlı narahatlıqlarını bölüşüblər. Təkcə zorakılıqla bağlı bu günə kimi xidmətə 96 müraciət daxil olub. Onlardan 5-i küçədə, 25-i məktəbdə, 66-sı isə evdə zorakılıqla üzləşən uşaqlardır. Müraciət edənlər arasında ən aşağı yaş 11-dir”. Sözügedən xidmət növünün fəaliyyəti ilə əlaqədar Uşaq hüquqları üzrə QHT alyansının idarə heyətinin sədri Nazir Quliyevin fikirlərini də bölüşdük. O, “Uşaq Qaynar Xətt” Xidmətinin uşaqlara bir çox sahələrlə yanaşı, hüquqi yardım sahəsində də yaxından köməklik etdiyini bildirdi. Onun dediyinə görə, uşaqlar burada fəaliyyət göstərən hüquqşünasa hüquq pozuntusu ilə bağlı müraciət də edə bilərlər: “Xidmətdə çalışan hüquqşünas qanunvericilik çərçivəsində uşaqları və onların valideynlərini maraqlandıran məsələlərlə bağlı telefon vasitəsilə məsləhət verir. Hüquqi problemlərlə bağlı “Uşaq Qaynar Xətt” xidmətinə edilən müraciətlər əsasən hüquqların pozulması, ünvanlı sosial yardım, şəxsi əmlakın bölünməsi, sənədləşmə, boşanmalar, daimi yaşayış yeri ilə təmin olunma, alimentlə, qeydiyyatla bağlı, doğum haqqında şəhadətnamənin alınması, cinayətin şahidi və ya qurbanı olan uşaqların hüquqları və sair mövzuları əhatə edir. Əməkdaşlar tərəfindən müraciətlərlə bağlı mövcud qanunvericiliyə istinad edilərək, məsləhətlər verilir, psixoloji problemlə bağlı “Uşaq Qaynar Xətt” Xidmətində fəaliyyət göstərən psixoloq tərəfindən müvafiq köməklik göstərilir. Ən fərəhlisi odur ki, artıq müraciət edənlər arasında “Uşaq Qaynar Xətt” Xidmətinə öz problemlərini və sirlərini etibar edən daimi istifadəçilər var”.
|
|||
|
Köməyinizə yetə bilər |
ZƏNGLƏR PULSUZ VƏ MƏXFİDİR...
Bizim sizin köməyinizə həqiqətən də ehtiyyacımız var. Onun zəhmətolmasa aşağıdakılarda birini seçin:
| Tələbəyəm | |
| Könüllü olmaq istiyirəm | |
| Valideynəm | |
| Digəri |
Siz bizə nə üçün inanmalısınız
Qaynar Xətt haqqında bir neçə söz
Bizim uyğun gördüyümüz məsləhətlər
Zəng etməyə ehtiyacınmı var....?
Dərhal 480 22 80 & 050 680 22 80 -ə zəng et..! Yubanma..!
Dərhal 480 22 80 & 050 680 22 80 -ə zəng et..! Yubanma..!
Uşaq Qaynar Xəttinin internet saytına Xoş Gəlmişsiniz! Bu sayt 18 yaşına qədər olan hər bir uşaq və gənc üçün yaradılıb. Əgər siz valideyn və ya 18 yaşından yuxarı şəxssinizsə, onda yuxarıda "Valideynlər" bölməsinə keçin"
İstifadə qaydaları | Məxfilik siyasəti | Disclaimer/Məsuliyyət | Biznesin Korporativ Sosial Məsuliyyəti
Uşaq Qaynar Xətti 2009-cu ildə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Uşaq Hüquqları üzrə QHT alyansının proqramı çərçivəsində Azercell Telecom Şirkəti, UNİCEF-in Azərbaycandakı ofisi, Uşaqların Xilası təşkilatı, Təhsil Nazirliyi və Dünyaya Baxış təşkilatının dəstəyi ilə yaradılmış bir xidmətdir.
© Ümidli Gələcək 2009 | Bütün hüquqlar qorunur
Designed by muRart
